Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdir
Ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan ənənəvi “Son zəng” tədbirləri çərçivəsində Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 14.06.2019-cu il tarixdə Bərdə rayonunun Kələntərli qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Qışlaq kənd tam orta məktəbində olmuş, həmin məktəbin məzunlarının “Son zəng” tədbirində iştirak etmiş, pedaqoji kollektivlə görüşmüşdür.
Həmin məktəbdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli “Son zəng”lə bağlı pedaqoji kollektivi, XI sinif şagirdlərini və valideynləri təbrik etmiş, məktəbi bitirən şagirdlərə arzu və istəklərini bildirmiş, tövsiyələrini vermişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində son illər ölkəmizin bütün sahələri ilə yanaşı təhsil sahəsində də yüksək inkişafa və irəliləyişlərə nail olunmuşdur. O, ölkə Prezidenti cənab İlham Əliyevin bütün məcburi köçkünlərlə yanaşı laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından danışaraq, minnətdarlıqla vurğulamışdır ki, 2011-ci il 24 dekabr tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birlikdə şərəfli ömür yolunun 50 ilinin tamam olduğu bir vaxtda, laçınlı məcburi köçkünləri öz ailə üzvləri kimi dəyərləndirərək, müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta Körpü qəsəbəsinə tarixi səfəri, həmin qəsəbədə fəaliyyət göstərən rayonun ümumtəhsil məktəbinin açılışında iştirak etməsi rayonun tarixinə qızıl hərflərlə yazılmış və hər bir laçınlının qəlbində əbədi olaraq qürur və iftixar hissi yaratmışdır.
“Son zəng” tədbirində Laçın Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəbin valideyn komitəsinin üzvləri, ictimaiyyət nümayəndələri, valideynlər, habelə məktəbin sabiq məzunları iştirak etmişlər.
Məktəbin pedaqoji kollektivi və valideynlər məktəblilərin “Son zəng” tədbirinə qatıldığı üçün Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.