Laçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilər
Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alan Ulu öndər Heydər Əliyevin 04.06.2001-ci il tarixli 733 nömrəli Sərəncamına əsasən hər il iyunun 17-si Azərbaycan Respublikasının tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bununla əlaqədar olaraq, 2019-cu il 13 iyun tarixdə rayon rəhbərliyini iştirakı ilə Laçın rayonunun çoxsaylı tibb işçiləri əvvəlcə Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş, xalqımızın Ümummilli liderinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında davam etdirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 17 iyun - Tibb işçilərinin peşə bayramı günü ilə bağlı Laçın rayonunun bütün tibb işçilərinə ən xoş arzularını bildirərək, bu münasibətlə onları təbrik etmiş, ölkəmizdə tibb sahəsində əldə olunan nailiyyətlərdən danışmışdır. Minnətdarlıq hissi ilə qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin respublika səhiyyəsinə olan diqqət və qayğısının təzahürü kimi 17 iyun 2001-ci ildən ölkəmizdə Səhiyyə işçilərinin peşə bayramı günü kimi hər il təntənəli surətdə qeyd olunur. Natiq çıxışında, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi kimi hazırda, Azərbaycanda təkcə mərkəzi şəhərlərdə deyil, respublikanın bütün regionlarında müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təchiz edilmiş, onlarla diaqnostika mərkəzlərinin, xəstəxanaların ölkə vətəndaşlarına xidmət göstərdiyini xüsusilə vurğulamışdır.
Bildirilmişdir ki, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası, təcili tibbi yardım şöbəsi, poliklinika, yeddi kənd xəstəxanası, üç həkim ambulatoriyası, doxsan doqquz tibb məntəqəsi rayon sakinlərinin xidmətindədir. Bununla yanaşı qeyd edilmişdir ki, rayon rəhbərliyi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə keçirilən çoxsaylı görüşlər zamanı, səhiyyəyə aid qaldırılan problemlər araşdırılaraq yerli səhiyyə orqanlarının köməyi ilə yerindəcə həllinə köməklik olunmuş, rayon üzrə imtiyazlı xəstələr hər ay pulsuz dərman preparatları ilə təmin edilmişlər.
Tədbirdə çıxış edən tibb işçiləri də onlara yaradılan normal iş şəraitindən razılıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı müdrik və çevik siyasət sayəsində növbəti peşə bayramlarının ata-baba yurdları Laçında və işğaldan azad ediləcək digər ərazilərimizdə qeyd edəcəklərinə əminliklərini bildirmişlər.
Tədbirin sonunda tibbi xidmətdə fərqlənən Laçın Rayon Mərkəzi Xəstəxanasının bir neçə əməkdaşına Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.