Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu İsmayıllı rayonunda keçirilmişdir
2019-cu il 11 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu İsmayıllı rayonunun Pirdinar kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Pirdinar kənd tam orta məktəbinin binasında, həmin rayonun ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
110 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Rayon rəhbəri həmçinin çıxışında 2019-cu il 25 aprel tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici dillər gimnaziyasına səfəri zamanı həmin gimnaziyanın yardımçı binasının üçüncü mərtəbəsində fəaliyyət göstərən 32 nömrəli Laçın tam orta məktəbinə səfərindən danışmış, ən xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 18 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu torpaq məsələsi, ərazidə yaşayan məcburi köçkünlərin mənzillərlə təmin olunması, içməli su problemi, birdəfəlik maddi köməklik edilməsi, işlə təmin olunma, özünüməşğulluq proqramına cəlb olunma, müvəqqəti istifadələrində olan bələdiyyə torpaqlarında apardıqları əkinə görə subsidiyaları ala bilməmələri ilə bağlı, övladının ayrı təsərrüfat olması, övladının müalicəsinə köməklik olunması, məskunlaşdıqları əraziyə qaz çəkilməsi məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.