Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı Qadınların növbəti konfransı keçirilmişdir.

29 mart 2013 | 16:00

28  mart  2013–cü il tarixdə Taxta körpü qəsəbəsində Laçın  Rayon  Qadınlarının   konfransı  keçirilmişdir. Tədbirdən əvvəl  Ulu Öndər Heydər Əliyevin  Rayon İcra Hakimiyyətinin  inzibati  binası qarşısında ucaldılmış büstü ziyarət edilmiş, abidə önünə tər güllər düzülmüşdür.
Sonra tədbir  Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir.  Çoxsaylı rayon qadınlarının    iştirakı ilə keçirilən  konfransı  Rayon İcra Hakimiyyətinin  başçısı Akif  Səlimov   açaraq,  rayon  qadınlarını   bu  əlamətdar  gün  münasibəti ilə  təbrik  etmiş, konfransın işinə uğurlar diləmiş, eyni zamanda giriş sözü ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi  ilə  ölkəmizdə həyata keçirilən  dövlət-qadın  siyasətindən ətraflı söhbət açmışdır. Eyni zamanda  laçınlı qadınların da bütün dövrlərdə dövlətə sədaqətlə xidmət etmələrini bildirmiş, bundan sonra da onlara cəmiyyətimizin ictimai-siyasi həyatında daha  yaxından iştirak etmələrinə şərait yaradılacağı və köməklik olunacağı bildirilmişdir.
Konfransda Rayon  Qadınlar   Şurasının sədri  Bəsti Nəcəflinin    “Dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı rayonda görülən işlər haqqında” məruzəsi dinlənilmişdir.
Sonra tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədr müavini Sədaqət  Qəhrəmanova çıxış  edərək,  Ümummilli lider Heydər Əliyevin qadınlara olan xüsusi diqqət və qayğısından, onların bütün sahələrdə önə çəkilmələrindən danışaraq,  Ulu Öndərin rəhbərliyi ilə  1995-ci il noyabrın 12-də qəbul edilmiş  ilk  Konstitusiyamızda  gender  bərabərliyinin  geniş təsbit olunmasından, həmçinin həmin ildən ölkəmizin  BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyasına  qoşulmasını  qeyd etmişdir. Bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  dövlət qadın siyasətinin  uğurla reallaşdırılması qadınlar tərəfindən rəğbətlə qarşılandığı bildirilmişdir.
Konfransda  çıxış edən rayon qadınları   Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli  mövqeyi  sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə əminliklərini bildirmiş, Heydər Əliyev Fondunun Prezidenti,  millət vəkili Mehriban xanım Əliyevanın   bir azərbaycanlı qadını kimi fəaliyyətindən qürur duyduqlarını bildirmişdilər.
Sonra konfransda təşkilati məsələlərə baxılmış, Respublika Qadınlar  Şurasının IV qurultayında rayonu təmsil etmək üçün on iki nəfərdən ibarət nümayəndə  seçilmişdir.

Keçidlər