Şriftin ölçüsü :

Saytın rəngi :

9 May faşizm üzərində tarixi Qələbə Günüdür. 09.05.2026

09 may 2026 | 11:34

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir.1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etməsi ilə dünya  tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlamışdır. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyasının Azərbaycanın da daxil olduğu SSRİ-yə hücumu ilə başlayan bu dəhşətli müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməklə SSRİ-nin bayrağının sancılması ilə başa çatmışdır. Bəşəriyyətin tarixi bu  qələbəsi ölkəmizdə də  rəsmi dövlət bayramı kimi qeyd olunur.

          Müharibədə Azərbaycandan 660 min nəfərdən çox şəxs iştirak etmişdir.  Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu  keçmiş,  bu  mübarizədə  130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir.

         İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılmışdır.

İkinci Dünya müharibəsində Qələbəyə nail olunmasında həmvətənlərimizin göstərdiyi şücayətlə yanaşı Azərbaycan nefti də həlledici amillərdən olmuşdur. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunmuşdur və bu SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil etmişdir ki,  ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdir. 

Laçın rayonunundan Böyük Vətən Müharibəsi adını almış bu müharibəyə 3660 nəfər getmiş, onlardan 2426 nəfəri geri qayıtmamışdır. Müharibədən sağ qayıtmış Böyük Vətən Müharibəsi iştirakçılarından sonuncusu Abbasov İbiş Nəcəf oğlu 04.01.2023-cü il tarixdə vəfat etmişdir.

          Fərəhli haldır  ki, xalqımız  tarixə qızıl hərflərlə yazılmış 9 May – Qələbə Gününü, bu gün   həm də Möhtərəm Prezidentimiz, Yenilməz Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qazandığımız  Möhtəşəm  Zəfər Qələbəsi ilə birlikdə qeyd edirik. Məhz bu gün işğaldan azad olunmuş digər ərazilərimizlə yanaşı xalqımızın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə, eyni zamanda digər işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçkünlərin “Böyük Qayıdışı”na başlanması isə hər birimiz tərəfindən  sevinc və fərəh hissi ilə qarşılanır.

Keçidlər