9 May - faşizm üzərində Qələbə Günüdür
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 78 il keçir. Bəşəriyyətin tarixi qələbəsi ölkəmizdə də rəsmi dövlət bayramı kimi qeyd olunur.
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etməsi ilə dünya tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlamışdır. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücumu ilə başlayan bu dəhşətli müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməklə SSRİ-nin bayrağının sancılması ilə başa çatmışdır.
Müharibədə Azərbaycandan 660 min nəfərdən çox şəxs iştirak etmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçərək bu mübarizədə 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Qələbəyə nail olunmasında həmvətənlərimizin göstərdiyi şücayətlə yanaşı Azərbaycan nefti də həlledici amillərdən olmuşdur. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil etmişdir ki, ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdir.
Fərəhli haldır ki, xalqımız tarixə qızıl hərflərlə yazılmış 9 May – Qələbə Gününü, bu gün həm də Möhtərəm Prezidentimiz, Yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qazandığımız Möhtəşəm Zəfər Qələbəsi ilə birlikdə qeyd edirik.