Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyinin VI konfransı keçirilmişdir.
2019-cu il 29 may tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyinin VI konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstünü ziyarət etmiş, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı açıq elan edən Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov gündəlikdə olan iki məsələ - Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyi sədrinin hesabatı, təşkilati məsələlər barədə konfrans iştirakçılarına məlumat vermişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənovun hesabat məruzəsi dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu Öndərin imzaladığı qanunlar, sərəncamlar, fərmanlar və dövlət proqramları çərçivəsində ölkəmizdə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, ictimai fəallığının artırılması istiqamətində fundamental baza yaradılmışdır. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, indi Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Gənclər Birliyi daima partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında gənclərə Vətənə sevgi, milli-mənəvi dəyərlərimizi qorumaq, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək kimi vərdişləri təbliğ etmişdir.
Hesabat məruzəsi ətrafında çıxış edən partiya fəalları Ulu öndərimiz Heydər Əliyevin gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin savadlı böyüməsi, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırılması kimi dahiyanə fikirlərinin hər birimiz üçün əbədi örnək olduğunu bildirmişlər.
Sonra təşkilati məsələlərə baxılmış, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyinin şura üzvlərinin və idarə heyətinin tərkibi müəyyənləşdirilmiş, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyinə yeni sədr və müavinlər, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər Birliyinin VI konfransından Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndələr seçilmişdir.
Eyni zamanda Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən partiya fəalları Fəxri Fərmanlarla təltif olunmuşlar.
Konfransda iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə və Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Gənclər Birliyinin üzvlərinə öz tapşırıq və tövsiyələrini vermişlər.