Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
17 may 2019-cu il tarixdə Laçın rayonunun icra srukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. Qəsəbənin mərkəzindən “Şəhidlərin Xatirə Kompleksi”nə yürüşlə başlayan tədbir Xatirə Kompleksinin qarşısında davam etdirilmişdir. 3000 nəfərdən çox rayon sakininin iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları tərəfindən Taxta Körpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq abidənin önünə Laçın Rayon İcra Hakimiyyəti adından əklil qoyulmaqla tər gül dəstələri düzülmüşdür. Mərasimdə rayonun işğaldan əvvəllki dövrünü, rayona olan dövlət qayğısını və inkişafını əks etdirən, həmçinin işğaldan sonrakı dövrünü əks etdirən foto-stendə baxılmışdır.
Sonra şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin görüşü keçirilmişdir. Görüş zamanı bildirilmişdir ki, 27 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Laçının işğalı nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmış, həmçinin 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 1 avtonəqliyyat, 30 rabitə, və digər müəssisələri talan edilərək, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsinin qarət edildiyi bildirmişdir. Ümumiyyətlə bu işğal nəticəsində o zamankı qiymətlərlə rayona 7.1 milyard ABŞ dolları ziyan vurulduğu bildirilmişdir. O da xüsusilə qeyd olunmuşdur ki, ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür. Tədbirdə iştirak edən rayon ziyalıları, həmçinin şəhid ailələri, müharibə iştirakçıları erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd etmiş, buna kəskin nifrətlərini bildirmişlər. Onlar eyni zamanda bu müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını-Laçını bir an belə unutmadıqlarını, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.