Bahar bayramının gəlişi laçınlı məcburi köçkünlərdə də ruh yüksəkliyi yaratmışdır.
12 mart 2013-cü il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı şənliyi keçirilmişdir.
Təntənəli bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bahar bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, Novruz bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətda Azərbaycanın Sovet hakimiyyətinin əsarəti altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına qoyulan qadağalara baxmayaraq, xalqımızın bu el şənliyini daim qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin istər Sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman milli mənəvi dəyərlərimizin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılmış, adət-ənənələrimizin yaşadılması istiqamətində əməli tədbirlər görülmüşdür. Həmçinin bildirilmişdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi ümumxalq səviyyəsinə yüksəldilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı A.Səlimov eyni zamanda bildirmişdir ki, xalqımızın milli adət-ənənələrinə 2003-cü ildən başlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək diqqət və həssaslıqla yanaşır, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaratmışdır. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğının da xalqımız tərəfindən rəğbətlə qarşılandığını qeyd etmişdir.
Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək rayonlarımızda yandırılacağına qəti əminliyini bildirmişdir.
Sonra tədbir respublikanın Xalq artisti Canəli Əkbərov, Əməkdar artistlərdən Gülüstan Əliyeva, Zakir Əliyev və digər tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmişdir. Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri qəsəbə sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.
Bayram şənliyi atlıların cəngi sədaları altında Novruz tonqalını yandırması ilə başa çatmışdır.