Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağdam rayonunda keçirilmişdir.

06 may 2019 | 16:00

   2019-cu il 06 may tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində fəaliyyət göstərən Ağdam rayonunun Əliağalı kənd Mədəniyyət evinin binasında, həmin ərazidə müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə keçirilmişdir.
    174 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
    Rayon rəhbəri həmçinin çıxışında 2019-cu il 25 aprel tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici dillər gimnaziyasına səfəri zamanı həmin gimnaziyanın yardımçı binasının üçüncü mərtəbəsində fəaliyyət göstərən 32 nömrəli Laçın tam orta məktəbinə səfərindən danışmış, ən xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür. Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni  işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
    Səyyar qəbulda 27 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu torpaq məsələsi, modul tipli məktəb binasının quraşdırılması, məktəb binasının təmir olunması, ərazidə yaşayan məcburi köçkünlərin  mənzillərlə təmin olunması, içməli su problemi, birdəfəlik maddi köməklik edilməsi, işlə təmin olunma, yeməkxərcinin bərpa olunması, özünüməşğulluq proqramına cəlb olunma, övladının müalicəsinə köməklik olunması, veteran vəsiqəsinin verilməsi, suvarma üçün subartezian quyusunun qazılması və məskunlaşdıqları əraziyə qaz çəkilməsi məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
    Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri  iştirak etmişlər.

    Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
    Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov, eyni zamanda Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev də iştirak etmişdir.

Keçidlər