Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2019-cu ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

06 may 2019 | 16:00

   2019-cu il 06 may tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin akt zalında Laçın rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə 2019-cu ilin birinci rübündə Laçın rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. 
  İclasdan əvvəl yığıncaq iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.
   İclası giriş sözü ilə açan  Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli  2019-cu il 30 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasından irəli gələn məsələlər baxımından Laçın rayonunda  görülmüş işlərin bir daha təhlil olunduğunu, qarşıda duran vəzifələrin müəyyənləşdirildiyini bildirmişdir.
    Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2019-cu ilin birinci rübündə rayonda görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş məruzə ilə çıxış etmişdir. Məruzədə 2019-cu ilin birinci rübündə respublika və rayon üzrə görülmüş işlər ətraflı sadalanmış, qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, ölkəmiz xeyli inkişaf etmiş, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edilmiş, insanların sosial rifah halı yaxşılaşmış, respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmış, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılmışdır. Həmçinin bildirilmişdir ki, ölkəmizin əsas iqtisadi və sosial göstəriciləri müsbətdir, dinamika davamlı şəkildə təmin edilir, bütün bunların nəticəsi olaraq əhalinin rifah halı xeyli yaxşılaşmışdır. Belə ki, ötən dövr ərzində minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də  artmışdır.
   Ölkə başçısı cənab İlham Əliyevin məcburi köçkünlərə davamlı diqqət və qayğısının nəticəsi olaraq ötən il Tərtər rayonunda tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni yaşayış kompleksində 170, ”Qobu Park” yaşayış kompleksində 126 laçınlı ailəsinə yeni mənzil verilmiş, bu yaşayış komplekslərində  4 məktəb və 2 tibb məntəqəmiz yeni müasir bina və avadanlıqlarla təmin olunmuşdur. Cari ilin  üç ayında  ”Qobu Park” yaşayış kompleksində 129, Qaradağ rayonunun  “Ümid” qəsəbəsində 89, Sumqayıt şəhərində 36, Abşeron rayonu ərazisində 1000 ailəlik qəsəbədə 36 ailə evlə təmin olunmuşdur.
   Xüsusi minnətdarlıqla vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin  16 fevral 2018-ci il tarixdə imzaladığı “Ağdam, Laçın, Fizuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı ilə Laçın rayonunun Ağbulaq obasında 56 şagird yerlik tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik  modul tipli ümumi orta məktəbləri vaxtında və yüksək keyfiyyətlə quraşdırılmış, inventar avadanlıqlarla təmin edilərək şagirdlərin istifadəsinə verilmişdir.
   Məruzədə rayonda görülmüş işlərlə bağlı bildirilmişdir ki, vətəndaşların qəbulu və müraciətlərinin dinlənməsi ön plana çəkilmiş, məcburi köçkünlərlə görüş və səyyar qəbullar qrafikə uyğun keçirilmişdir. 2019-cu ilin I rübü ərzində Laçın Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ayrı-ayrı rayonların 11 yaşayış məntəqəsində  görüş və səyyar qəbul keçirilmiş, həmin görüş-səyyar qəbullarda ümumilikdə 720 nəfər  laçınlı məcburi köçkün iştirak etmiş, 97 nəfərin müraciəti dinlənilmişdir. Səyyar qəbullar zamanı qaldırılan məsələlərlə bağlı verilən tapşırıqların icrası  nəzarətə götürülmüş, ümumilikdə 97 məsələdən 48-i müsbət həllini tapmışdır.
Hesabat dövründə çınqıl örtüklü avtomobil yollarının 7.0 km hissəsində cari təmir və yolların saxlanması işləri görülmüş, rayonun daxili imkanları hesabına Taxta Körpü-Mişni və Mayis - Sadınlar avtomobil yollarının yararsız  hissələrinə qum-çınqıl qarışığı tökülərək mexaniki üsulla yol yatağına yayılmışdır.
   Taxta Körpü ərazisində  müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin fasiləsiz normal  elektrik enerjisi ilə təminatının yaxşılaşdırmaq məqsədilə 10 və  0.4 kvt-lıq elektrik verilişi xətləri  cari  təmir edilmiş, 5500 metr naqil yenisi ilə əvəz edilmiş, Qayğı qəsəbəsində və Şeylanlı, Fingə, Qoşasu, Ağbulaq, Ərdəşəvi, Qarakeçdi, Qarıqışlaq, Alxaslı obalarında istismar müddətini başa vurmuş 144 elektrik dayağı dəyişdirilmiş, Vağazin obasında bir ədəd 160, bir ədəd 250 kva-lıq transformator  quraşdırılmış, müxtəlif gücə malik 6 ədəd transformator  əsaslı təmir edilmişdir. Taxta Körpü ərazisində olan abonentlərin müraciəti əsasında 130 ədəd smart tipli sayğac quraşdırılmışdır.
        Cari ilin ötən dövründə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Qaradolaq və Mişni  nasos stansiyasında təmir işləri aparılmış, 25-110 mm-lik su xətlərinin 118 p/m hissəsi  yenisi ilə əvəz olunmuş,  obalarda və qəsəbələrdə daxili su xətlərində cari təmir aparılmışdır.
   Eyni zamanda bildirilmişdir ki, 2019-cu ilin  birinci rübündə müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq  il ərzində də  Taxta Körpü ərazisindəki obalarda müvafiq Dövlət Proqramı ilə nəzərdə tutulmuş qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin  mərhələli həlli, 552 ailəlik qəsəbənin suvarma suyu ilə təmin edilməsi, ərazidə nəzərdə tutulmuş abadlıq işlərinin vaxtında  başa çatdırılması, obalarda daxili avtomobil yollarının təmiri,  taxıl sahələrinin vaxtında  biçilməsi və məhsulun itkisiz yığılması, ting sahələrinin becərilməsi və barama istehsalının təmin olunması, əhalinin məşğulluğunun artırılması və özünü məşğulluq proqramlarına cəlb olunması qarşıda duran  vəzifələrdəndir.
   Məruzə  ətrafında Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadovanın, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Sahib Quluyevin, Laçın Rayon İcra Hakimiyyəti başçısının Hacıxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fazil Budaqovun çıxışları dinlənilərək  ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
    İclasın sonunda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov çıxış etmişdir.

Keçidlər