Laçın rayonu üzrə əhalinin növbəti tibbi müayinəsi işi digər yaşayış məntəqələrini də əhatə edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin 2019-cu ilin fevral ayının 11-dən may ayının 1-dək növbəti tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası məqsədilə Laçın Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə komissiya yaradılmış, tibbi müayinənin başlaması üçün bütün hazırlıq tədbirləri həyata keçirilmişdir.
Rayon sakinlərinin tibbi müayinə barədə məlumatlandırılması məqsədi ilə əhali arasında geniş təbliğat işləri aparılmış, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bununla yanaşı ərazidə fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan işçilərin qrafikə əsasən ərazi üzrə poliklinikaya və tibb məntəqələrinə müraciət etmələri və tibbi müayinədən keçmələri təmin olunmuşdur.
Tibbi müayinənin aparılması işinə müxtəlif ixtisaslı həkimlər, o cümlədən, terapevtlər, cərrahlar, pediatrlar, həmçinin nevropatoloq, stomatoloq və dermatoloqlar cəlb olunmuşlar.
Rayon sakinlərinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində olduğu kimi, rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları respublikamızın digər bölgələrində də əhalinin növbəti tibbi müayinədən keçirilməsi işi davam etdirilir. Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının 4 nömrəli tibb məntəqəsində də tibbi müayinənin keçirilməsi üçün lazımi şərait yaradılmış, ərazidə məskunlaşmış rayon sakinlərinin növbəti tibbi müayinədən keçirilməsi işi təmin olunmuşdur.
Hazırda yüksək əhval-ruhiyyə şəraitində davam etdirilən tibbi müayinə əhali tərəfindən razılıqla qarşılanmış, müayinədən keçən laçınlı məcburi köçkünlər onlara göstərilən bu qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.