Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Fizuli rayonunda keçirilmişdir
2019-cu il 19 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Fizuli rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
47 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini, xüsusilə digər ərazilərlə yanaşı Şirvan şəhərində köçkünlər üçün hündür mərtəbəli binaların inşasına başlanıldığını minnətdarlıqla bildirmişdir. Rayon rəhbəri, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu köçkünlərin diqqətinə çatdırmaqla, ölkə Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqəsədi ilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılmasını məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsi olduğunu bildirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində, apardığı siyasəti və görülən işləri, diplomatiya sahəsindəki uğurlarından, şanlı aprel döyüşlərində qazandığımız uğurlardan danışaraq erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Görüşdə iştirak edən laçınlı köçkünlər onlara verilən vahid aylıq müavinətin məbləğinin ölkə başçısı tərəfindən 50 faiz artırılmasını, problemli kreditlərlə bağlı edilən güzəştləri yüksək dəyərləndirərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, ölkə rəhbərinin ətrafında daima sıx birləşdiklərini bildirmişlər.