Səyyar həkim briqadası Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisindəki Şeylanlı obasında olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin 2019-cu ilin fevral ayının 11-dən may ayının 1-dək növbəti tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası məqsədilə Laçın Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə komissiya yaradılmış, tibbi müayinənin başlaması üçün bütün hazırlıq tədbirləri həyata keçirilmişdir.
Rayon sakinlərinin tibbi müayinə barədə məlumatlandırılması məqsədi ilə əhali arasında geniş təbliğat işləri aparılmış, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bununla yanaşı ərazidə fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan işçilərin qrafikə əsasən ərazi üzrə poliklinikaya və tibb məntəqələrinə müraciət etmələri və tibbi müayinədən keçmələri təmin olunmuşdur.
Tibbi müayinənin aparılması işinə müxtəlif ixtisaslı həkimlər, o cümlədən, terapevtlər, cərrahlar, pediatrlar, həmçinin nevropatoloq, stomatoloq və dermatoloqlar cəlb olunmuşlar.
03 aprel 2019-cu il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisindəki Şeylanlı obasında Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən həmin ərazidə müvəqqəti məskunlaşmış sakinlərin növbəti tibbi müayinədən keçirilməsi işi təmin olunmuşdur.
Hazırda da yüksək əhval-ruhiyyə şəraitində davam etdirilən tibbi müayinə sakinlər tərəfindən razılıqla qarşılanmış, müayinədən keçən laçınlı məcburi köçkünlər onlara göstərilən bu qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.