31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbiri keçirilmişdir
29 mart 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı Ağcabədi rayonu Taxta Körpü ərazisində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbiri keçirmişdir. YAP Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbirdə öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri - Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermiş, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırım və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyət daşıdığını bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, erməni millətçilərinin törətdiyi soyqırım kimi cinayətləri dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən tanınmasına Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı çoxşaxəli siyasət nəticəsində nail olunmuşdur.
Sonra çıxış edən digər tədbir iştirakçıları da azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalmalarını, doğma yurdlarından didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələri olduğunu, bu hadisələrin səbəbkarlarına hiddət və nifrətlərini bildirmiş, bununla yanaşı hazırda ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə və tezliklə torpaqlarımıza qayıdacaqlarına əminliklərini vurğulamışlar.