Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonundan olan Böyük Vətən və Qarabağ müharibəsi iştirakçıları, əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir.

21 fevral 2013 | 16:00

20 fevral 2013-cü il tarixdə Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində  fəaliyyət göstərən  Laçın Rayon İcra Hakimiyyətində  Böyük Vətən müharibəsinin iştirakçıları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində görülən işlərin vəziyyəti və onların problemlərinin həlli istiqamətində qarşıda duran məsələlərə həsr olunmuş yığıncaq keçirilmişdir.
          Tədbir iştirakçıları əvvəlcə Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin büstünü və “Şəhidlər” Xatirə Kompleksini ziyarət edərək önünə gül dəstələri qoymuş, ümummilli  liderin adını daşıyan parkda ağac əkmişlər. 
          Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə Böyük Vətən müharibəsinin iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışmışdır.
Eyni zamanda bildirilmişdir ki, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon əhalisindən 267 nəfəri şəhid olmuş, 66 nəfər itkin düşmüş, 120 nəfər sağlamlığını itirərək əlilə çevrilmişdir. Rayonun 72 min sakini hazırda respublikanın 57 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır. Bu günədək Laçın rayonundan olan Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 75 nəfər yeni mənzillərlə təmin edilmiş, 41 nəfərə minik avtomobili verilmişdir.  2012-ci ildə bu qəbildən olan 110 ailəyə maddi kömək göstərilmiş, 16 nəfər işlə təmin olunmuş, 22 nəfər müalicəyə cəlb edilmiş, 5 nəfər sanatoriya göndərilmişdir. Qeyd olunmuşdur ki, rayonda Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin araşdırılması məqsədi ilə komissiya yaradılmış, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Çıxış edən Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Görüşdə Böyük Vətən müharibəsi veteranlarının, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üzvlərinin arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin həlli ilə bağlı rayonun  aidiyyəti qurumlarının  rəhbərlərinə müvafiq  tapşırıqlar verilmişdir.
Tədbirdə Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev iştirak etmişdir.
Tədbirdən sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon şöbəsinin konfransı keçirilmişdir.
Konfransda təşkilati məsələlərə baxılmış, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon şöbəsinin idarə heyətinin və nəzarət-təftiş komissiyasının tərkibi müəyyən edilmiş, Aslanov  Babək Qafar oğlu rayon şöbəsinin yeni sədri seçilmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər