Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.
18 mart 2019-cu il tarixdə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilmişdir.
Laçınlı köçkünlər üçün inşa edilmiş 552 ailəlik qəsəbədə keçirilən bayram şənliyində sərgi təşkil edilmiş, sərgidə xalqımızın qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat boxçaları, həmçinin Novruz bayramının simvollarından olan səmənilər, Rayon Tarix-Diyarşünaslıq muzeyinin eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, kuzə, xalça, kilim və sair kimi əşyalar yer almışdır. Eyni zamanda tədbirdə müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər təşkil edilməklə, daraqda yun daranması, cəhrədə ip əyirilməsi, isti sacda qovurğa qovurulması, yuxa yayılması nümayiş etdirilməklə, milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara Novruz şirniyyatları paylanılmışdır.
Təntənəli bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın Sovet hakimiyyətinin əsarəti altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına qoyulan qadağalara baxmayaraq, xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin istər Sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman milli mənəvi dəyərlərimizin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılmış, adət-ənənələrimizin yaşadılması istiqamətində əməli tədbirlər görülmüşdür. Həmçinin, bildirilmişdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi ümumxalq səviyyəsinə yüksəldilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında xalqımızın milli adət-ənənələrinə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də yüksək diqqət və həssaslıqla yanaşıldığını, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaradıldığını bildirmişdir. Eyni zamanda rayon rəsmisi çıxışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışmışdır. Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək torpaqlarımızda yandırılacağına qəti əminliyini bildirmişdir.
Cəngi sədaları altında Dədə Qorqud qurulmuş tonqala yanaşaraq yanar məşəli rayon rəhbərinə təqdim etmiş, yandırlan bayram tonqalı ətrafında davam etdirilən tədbir mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri qəsəbə sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.