Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş keçirmişdir
2019-cu il 15 mart tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü–səyyar qəbulu keçirilmişdir. Görüş Tərtər rayonu Şıxarx qəsəbəsində 1 saylı Şıxarx qəsəbə tam orta məktəbin binasında keçirilmişdir.
52 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini, xüsusilə digər ərazilərlə yanaşı Şirvan şəhərində köçkünlər üçün hündür mərtəbəli binaların inşasına başlanıldığını minnətdarlıqla bildirmişdir. Rayon rəhbəri, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu köçkünlərin diqqətinə çatdırmaqla, ölkə Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqəsədi ilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılmasını məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsi olduğunu bildirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində, apardığı siyasəti və görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Görüşdə iştirak edən laçınlı köçkünlər ölkə başçısı tərəfindən minimum əmək haqqı və pensiyaların artırılmasını, onlara verilən vahid aylıq müavinətin məbləğinin 50 faiz yüksəldilməsini, problemli kreditlərlə bağlı edilən güzəştləri yüksək dəyərləndirərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını ölkə rəhbərinin ətrafında daim sıx birləşdiklərini bildirmişlər.