Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarının yerlərdə təbliği ilə bağlı Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında tədbir keçirilmişdir
05 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarının yerlərdə təbliğ olunması və əhaliyə çatdırılması məqsədi ilə Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının fəallarının, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Laçın Rayonu İcra Hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan çoxsahəli islahatlardan və genişmiqyaslı quruculuq işlərindən bəhs etmiş, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmışdır. Son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini vurğulayan natiq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. İ.İlyasov onu da bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədi ilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir. Tədbirdə rayon Maliyyə şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbərləri çıxış edərək, Prezidentin Fərman və Sərəncamlarının əhalinin bütün zümrələri, xüsusən aztəminatlı ailələr üçün əhəmiyyətindən danışmışlar. Çıxışlarda Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edilərək, erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminlik vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edən rayon ziyalıları məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin, o cümlədən əmək haqlarının artırılmasına, onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdar olduqlarını bildirmişlər.