Şriftin ölçüsü :

Saytın rəngi :

1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

01 mart 2019 | 16:00

    2019-cu il 1 mart tarixində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
   Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Elsevər Yusifov 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumat verərək bildirdi ki, 1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alınmışdır. Onun məqsədi –fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda zərərçəkənlərə yardım göstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa fövqəladə hadisələrin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və bütünlükdə cəmiyyətin inkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda mübarizə aparır. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur. Çıxışda həmçinin bildirilmişdir ki, bu il “1 mart Ümumdünya Mülki Müdafiə Günü” Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən “Uşaqların təhlükəsizliyi,bizim məsuliyyətimiz” mövzusunda keçirmək tövsiyyə olunub. Natiq eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 19 aprel 2006-cı il tarixli 394 saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Haqqında 29 dekabr 2006-cı il tarixli 511 saylı Əsasnamədə, Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri müəyyən edilmişdir.
     Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı kapitan Ramil Nəcəfov “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda çıxış edərək bildirdi ki, müasir dövrümüzdə təbii fəlakətlər zamanı uşaqların mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə təşkilatları qarşısında dayanan əsas vəzifələrdən biridir. Uşaqların təbii fəlakətlərdən qorunmasının, belə hadisələrin nəticələrinin aradan qaldırılmasının,  xilasetmə və bərpa işlərinin həyata keçirilməsinin çətin və məsuliyyətli bir iş olduğunu, eyni zamanda bu işlərin qarşısının alınmasında əsas məqsəd uşaqları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
      Tədbirdə digər çıxış edənlər də uşaqların fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində həyata keçirilən tədbirlərin bütün ölkə vətəndaşları tərəfindən razılıqla qarşılandığını, “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda vətəndaşların maarifləndirilməsinin çox təqdirəlayiq bir iş olduğunu bildirmişlər.

Keçidlər