Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.

17 fevral 2013 | 16:00

    16 fevral 2013-cü il tarixdə Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində Laçın rayon İcra Hakimiyyəti başçısı Ramiz Cəbrayılovun hesabatı dinlənilmişdir. Hesabat yığıncağında 188 nəfər iştirak və 8 nəfər çıxış etmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulmuş, qəsəbədə inşa olunan rayon Təhsil şöbəsinin inzibati binasının tikintisinə, “Heydər Parkı ”da inşa edilmiş “Gənclər evi”nə baxış keçirilmiş, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ərazidəki “Gənclər Parkı”nda  90 ədəd ağac əkilmişdir. Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində rayonun sosial-iqtisadi göstəricilərini, təhsil, mədəniyyət, səhiyyə, idman sahəsi ilə bağlı stendlərə baxılmışdır.

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə 15 yanvar 2013-cü  il tarixdə 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 fevral 2013-cü il tarixdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda  cənab Prezidentin proqram xarakterli nitqinə uyğun olaraq işləri təhlil edərək   Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, 2012-ci ildə Ölkə Prezidenti cənab  İlham Əliyevin 2011-ci il dekabrın 24-də açılışında iştirak etdiyi Taxtakörpü ərazisində 552 ailəlik qəsəbədəki mənzillər məcburi köçkünlərə paylanılmış, Naftalan şəhərində,  Ağcabədi, Şəki,  Bərdə və  Bakı şəhərinin Nərimanov rayonlarında   yataqxana, sanatoriya, fin evi və məktəb binalarında  məskunlaşmış 500 laçınlı ailəsi yeni evlərlə təmin edilmişdir.

2012-ci ildə Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işləri davam etdirilmiş, yeni işıq dirəkləri quraşdırılmış, yollar təmir edilmiş, rayon təhsil şöbəsinin inzibati binasının tikintisinə başlanılmış, 20 minə yaxın ağac və gül kolları əkilmişdir. Taxta-körpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 13 ədəd elektrik mühərriki, nasos və hidrotexniki qurğu təmir edilmiş, 68,4 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Taxtakörpü ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlər davam etdirilmiş, 4500 metr beton üzlüklü kanal çəkilmiş, 58 ədəd supaylayıcı metal qapı, 12 ədəd dəmir beton körpü tikilmişdir.                                                     

         Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə ərazidəki su şəbəkələrində yararsız xətlərin 5800 metr hissəsi yenisi ilə əvəz edilmiş, 3050 metr hissəsində təmir işləri aparılmışdır.      

Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə 3 ədəd yeni transformator, 15 min metr elektrik naqili alınmış, 62 ədəd transformator və 80 kilometr uzunluğunda elektrik hava xətləri təmir edilmiş, Alxaslı obasına 1 ədəd transformator qoyulmaqla 2,6 kilometr uzunluğunda yeni elektrik xətti çəkilmişdir.
         2012-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  tərəfindən laçınlı məcburi köçkünlərin məskunlaşdığı Şəki rayonunun Cumakənd kəndi, İmişli rayonunun Əliqulular kəndi, Oğuz rayonunun Yaqublu kəndi ərazilərində, Ağcabədi rayonunun Ağgöl, Mingəçevir şəhərində isə Tərəvəzçilik adlanan yaşayış məntəqələrində yollar əsaslı təmir edilmiş, Oğuz rayonunun Böyük Söyüdlü qəsəbəsində, Taxta-körpü ərazisində Vağazinin bir  obasında elektrik sistemi  yenidən qurulmuş, Bərdə rayonunun Lək kəndində su təchizatı ilə bağlı problem aradan qaldırılmış, Bərdə rayonunun Meşəçilik yaşayış massivində, İsmayıllı rayonunun Qalıncaq kəndində, Taxta-körpü ərazisindəki Qarakeçdi obasında məskunlaşmış məcburi köçkünlər üçün xeyir-şər mağarı  verilmiş, rayonun Pircahan kənd tam orta məktəbi təmir edilmiş, 5 saylı və  İmanlar  tam orta məktəbləri  isə  bütün növ inventar və avadanlıqlarla təchiz olunmuşdur. 

Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun olaraq hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Taxta-körpü ərazisində fəaliyyət göstərən  23 nəfər sahibkar və fermerə  115  min manat girovsuz, güzəştli kredit verilmişdir.

2012-ci ildə  rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatda olan 10 nəfər Böyük Vətən Müharibəsi veteranı və Qarabağ müharibəsi əlilinə avtomobil verilmişdir. 

Ötən  il rayonun Taxta-körpü, Hacıxanlı və Kaha tam orta məktəbləri məcburi köçkünlər üçün inşa olunmuş qəsəbələrdə yeni məktəb binalarına köçürülmüşdür. Hesabat dövründə məktəbi bitirən məzunlardan 175 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuş, onlardan 27 nəfəri 500-dən, o cümlədən  8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Rayonun ümumtəhsil məktəbinin 2 nəfər məzunu Prezident təqaüdünə layiq görülmüşdür.

2012-ci ildə  “İdman ili” çərçivəsində rayon idmançıları tərəfindən beynəlxalq yarışlarda  5 qızıl, 1 gümüş, 3 bürünc medal qazanılmışdır.

Hesabat dövründə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə rayon üzrə 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə medal”la, 1 nəfər isə “Əməkdar müəllim ” fəxri adı ilə təltif edilmişdir. 2012-ci il ərzində 325  nəfər  çağırışyaşlı gənc həqiqi hərbi xidmətə göndərilmiş və  çağırışla bağlı xidmətdən yayınma hallarına rast gəlinməmişdir.  2012-ci il ərzində rayonda ictimai-siyasi və dini durum sabit olmuş,  rayonda yeganə fəaliyyət göstərən  Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının iki konfransı keçirilmişdir. Hesabat ili  ərzində  əksəriyyəti gənclər olmaqla 645 nəfər rayon sakini Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş, rayonda hazırda partiya üzvlərinin sayı 3035 nəfər təşkil edir.

Ötən il rayonun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar “Laçınsız ” və “54 gün mühasirədə ” adlı filmlərin təqdimatı keçirilmiş, işğalın acı nəticələrini özündə əks etdirən Azərbaycan, ingilis, rus və fransız dillərində məlumat xarakterli kitabça hazırlanmışdır.
          Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmiş, bir sıra təkliflər irəli sürülmüşdür. Məlum Dövlət Proqramında nəzərdə tutulmuş Taxta-körpü ərazisində qamış daxal evlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni evlərin tikintisinə başlanmasının sürətləndirilməsi, ərazidə fəaliyyət göstərən sahibkar və fermerlərə kreditlərin verilməsi, Taxta-körpü ərazisinə Kür çayından təsərrüfat və içməli su xəttinin çəkilməsi, Şəki rayonunda məcburi köçkünlər üçün yeni salınmış qəsəbədəki tibb məntəqəsi və uşaq bağçasının maliyyələşmə məsələlərinin həlli və qəsəbəyə  telefon xəttinin çəkilməsi,  rayonun Qarıqışlaq kənd məktəbinin 130 ilik yubileyinin keçirilməsinin təşkili,  Taxta-körpü qəsəbəsində yeni xəstəxana binasının tikilməsinə köməklik olunması barədə təkliflər verilmişdir.

Yığıncaqda Xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin rayonda keçirilməsi ilə bağlı geniş tədbirlər planı təsdiq edilmişdir.

Sonda  dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş rayon İcra Hakimiyyəti başçısının   Ağbulaq kənd inzibati ərazi nümayəndəsi Vaqif Həsənova “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı, 2012-ci ildə təhsil, idman, sahibkarlıq sahəsindəki fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup rayon sakininə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.

        Hesabat yığıncağında millət vəkili Nazim Fərəcov  Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi cənab Rövşən Ağayev iştirak  və çıxış etmişlər.

 

Keçidlər