Laçın rayonu üzrə əhalinin növbəti tibbi müayinəsi işinə başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin 2019-cu ilin fevral ayının 11-dən may ayının 1-dək növbəti tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası məqsədilə Laçın Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə komissiya yaradılmış, tibbi müayinənin başlaması üçün bütün hazırlıq tədbirləri həyata keçirilmişdir.
Rayon sakinlərinin tibbi müayinə barədə məlumatlandırılması məqsədi ilə əhali arasında geniş təbliğat işləri aparılmış, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bununla yanaşı ərazidə fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan işçilərin qrafikə əsasən ərazi üzrə poliklinikaya və tibb məntəqələrinə müraciət etmələri nəzərdə tutulmuşdur.
Tibbi müayinənin aparılması işinə müxtəlif ixtisaslı həkimlər, o cümlədən, terapevtlər, cərrahlar, pediatrlar, həmçinin nevropatoloq, stomatoloq və dermatoloqlar cəlb olunmuşlar.
2019-cu il 11 fevral tarixində Laçın Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində əhalinin növbəti tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığın icrasına başlanılmış, yüksək əhval-ruhiyyə şəraitində keçən tibbi müayinə əhali tərəfindən razılıqla qarşılanmışdır.
Müayinədən keçən laçınlı məcburi köçkünlər onlara göstərilən bu qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.