Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir

07 fevral 2019 | 16:00

     2019-cu il 7 fevral tarixdə Laçın rayon sakinlərinin daha sıx şəkildə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın  rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunları və  qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzdülər. Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində rayonun sosial-iqtisadi göstəricilərini özündə əks etdirən, rayonun təhsil,səhiyyə müəssisələrinə aid olan stendlərə baxış keçirilmişdir.
   Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsində ölkəmizdə dinamik inkişafın və davamlı sabitliyin qorunub saxlandığı, dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artdığı  bildirilməklə,  laçınlı məcburi köçkünlərin məskunlaşdıqları  ərazilərdə də xeyli abadlıq və quruculuq işlərinin aparıldığı qeyd olunmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 fevral 2018-ci il tarixdə imzaladığı “Ağdam, Laçın, Fizuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı ilə Laçın rayonunun Ağbulaq obasında 56 şagird yerlik tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik  modul tipli ümumi orta məktəblərin quraşdırılması üçün  həmin obaların ərazisində  torpaq sahələri ayrılmış, qısa vaxt ərzində tikilib istifadəyə verilmiş, inventar və avadanlıqla təmin edilmişdir.
     Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   5 mart 2018-ci il tarixdə imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər“ haqqında  Sərəncamında Taxta  körpü  qəsəbəsinin qazlaşdırılması,  9  aprel 2018-ci il tarixdə  “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ” Sərəncamında  Taxta Körpü obalarında   içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Qayğı qəsəbəsində 54  ailənin qaza olan tələbatını ödəmək məqsədi ilə 2000 metr daşıyıcı  və 3000 metr isə məhəllə daxili xətt çəkilmiş,  Ağcabədi şəhərini içməli su ilə təmin edəcək magistral su xəttindən 552 ailəlik qəsəbəyə 225 mm boru ilə 9000 metr  su xətti çəkilmiş və  əhalinin istifadəsinə verilmişdir.      
        Eyni zamanda diqqətə çatdırılmışdır ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 296 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir.
      Hesabat dövründə Taxta Körpü ərazisində 27,2 kilometr uzunluğunda obalararası çınqıl örtüklü avtomobil yolunun təmir olunduğu, Taxta Körpü ərazisində  məskunlaşmış  köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün  0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işlərinin görüldüyü, 21800 metr naqil xəttinin yenisi ilə əvəz olunduğu, obalarda 7 ədəd yeni transformatorun quraşdırıldığı, 36 ədəd müxtəlif gücə malik transformatorun cari, Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətlərinin əsaslı təmir edildiyi barədə geniş məlumat verilmişdir.
Həmçinin qeyd edilmişdir ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2018-ci il ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 42 səyyar qəbul keçirilmiş, 2991 nəfərin iştirak etdiyi bu qəbullarda  425  nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Səyyar qəbullarda qaldırılan məsələlər ətraflı araşdırılmış, yerlərdə mümkün olan problemlərin  həll olunması üçün aidiyyəti təşkilatlara göstərişlər verilmişdir.
       Həmçinin bildirilmişdir ki, əhalinin su təminatını yaxşılaşdırmaq üçün 37 ailəlik qəsəbədə 900 p/m və 21 ailəlik qəsəbədə isə 150 p/m   korroziyaya uğramış metal borular dəyişdirilərək 1050  p/m  diametri 110 mm olan polipropilen  boru xətti çəkilmişdir.  Mişni, Qarıqışlaq  nasos stansiyalarında təmir işləri aparılmış,  Mişni-Mayis, Taxta körpü - Qarakeçdi, Kür çayı - Mişni  magistral su xətlərində müxtəlif diametrlərdə olan boru xətlərinin  64 p/m, obalarda və qəsəbələrdə daxili su xətlərinin 1737 p/m hissəsi  yenisi ilə əvəz olunmuş, 37 ailəlik qəsəbədə su sayğaclarının quraşdırılması təmin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə  Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə 977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılmış, Şeylanlı obasında bir ədəd artezian quyusu qazılaraq  əhalinin istifadəsinə verilmişdir.
      Məruzə ətrafında çıxışlarda köçkünlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətini daim dəstəklədiklərini və onlara göstərdiyi davamlı qayğıya görə minnətdar olduqlarını bildirdilər.
    Çıxışlardan sonra yığıncaq iştirakçıları tərəfindən ərazidə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 855 ailəlik qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbəyə təsərrüfat suyunun çəkilməsi, Taxta Körpü - Mayis avtomobil yolunun 13 km-lik hissəsinə asfalt örtüyün döşənməsi, Taxta Körpü ərazisində melorasiya tədbirlərinin davam etdirilməsi kimi təkliflər səsləndirilmişdir.     
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış etdilər.
     Sonda qərar layihəsi oxunaraq yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Keçidlər