Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon Ağsaqqallar Şurasının 07 fevral 2013-cü il tarixdə konfransı keçirilmişdir.

08 fevral 2013 | 16:00

7 fevral 2013–cü il tarixdə Taxta-körpü qəsəbəsində Laçın Rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilmişdir. Tədbirdən əvvəl rayon ağsaqqalları Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü və Taxta körpü qəsəbəsində rayon şəhidlərinin adının əbədiləşdirildiyi xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Eyni zamanda ağsaqqallar tərəfindən Taxta-körpü qəsəbəsindəki “Heydər Parkı”nda ağac əkilmişdir.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov və rayonun idarə, müəssisə rəhbərləri də iştirak etmişdir.
Konfransa sədrlik edən Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov konfrans iştirakçılarını salamlamış, ötən konfransdan keçən müddət ərzində vəfat etmiş rayonun yaşlı nəslinin nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra ötən konfransdan keçən müddət ərzində Rayon Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı Ağayar İsmayılovun hesabatı dinlənilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edərək rayon ağsaqqallarını bu əlamətdar gün münasibəti ilə təbrik etmiş, konfransın işinə uğurlar diləmişdir.
Eyni zamanda konfransda çıxış edən rayon ağsaqqalları Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə əminliklərini bildirmişlər. Çıxış edən rayon ağsaqqalları son günlər İsmayıllı rayonu və Bakı şəhərində baş verən kiçik məişət xarakterli küçə hadisələrini pisləyərək, bu hadisələri süni şəkildə şişirtməyə çalışanlara, hadisələrdə gəncləri aldadaraq onlardan istifadə edənlərə qəti etirzlarını bildirmiş, belələrinin cəzalandırılmasını, xalq arasında geniş surətdə ifşa edilməsini təklif etmişlər. Həmçinin rayon ağsaqqalları nankor bir insan kimi xalq yazıçısı adını ləkələyən Əkrəm Əylislinin “Daş yuxular” adlı əsərinə də öz kəskin münasibətlərini bildirmiş, ona verilmiş bütün adların geri alınmasını və ciddi cəzalandırılmasını tələb etmişlər.
Sonra konfransda təşkilati məsələlərə baxılaraq, Rayon Ağsaqqalları Şurasının İdarə Heyətinin yeni tərkibi və sədri, Respublika Ağsaqqallar Şurasının növbəti qurultayına nümayəndə seçilmişdir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup rayon ağsaqqalına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilmişdir.
Tədbirin sonunda rayon ağsaqqalları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.


 

Keçidlər