Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində keçirilmişdir
2019-cu il 28 yanvar tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 125 nəfər laçınlı məcburi köçkünün qatıldığı görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, ölkə iqtisadiyyatının son 15 ildə 3.2 dəfə, qeyri-neft iqtisadiyyatının 2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksi və qəsəbələr salınmış, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 13 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.