Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral - Azərbaycan gəncləri günüdür.

02 fevral 2013 | 16:00

1 fevral 2013–cü il tarixdə Taxta körpü qəsəbəsində “2 fevral- Azərbaycan gəncləri günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl laçınlı gənclər Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü və Taxta körpü qəsəbəsində rayon şəhidlərinin adının əbədiləşdirildiyi xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. Çoxsaylı rayon gənclərinin iştirakı ilə keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov açaraq, rayon gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik etmiş, “Gənclər günü” barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə bu gündə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat vermişdir.
Tədbirdə “2 fevral – Azərbaycan gəncləri günüdür” mövzusunda məruzə dinlənilmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin, gənclərə qayğının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verilmişdir.
Tədbirdə çıxış edən gənclər Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə əminliklərini bildirmişlər. Eyni zamanda tədbirdə çıxış edən rayon ağsaqqalları gəncləri təbrik edərək, onlara öz tövsiyələrini vermişlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim olunmuş, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə, ötən il uğurlar qazanmış idmançılara, ordudan yenicə tərxis olunmuş gənclərimizə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
Tədbirin sonunda rayon gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirin rəsmi hissəsindən sonra rayon gəncləri tərəfindən Taxta-körpü qəsəbəsindəki “Gənclər Parkı”nda ağac və gül kolları əkilmiş, daha sonra isə tədbir Rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir. Keçirilmiş bayram konserti gənclərdə xoş ovqat və əhval ruhiyə yaratmışdır.
 

Keçidlər