Bərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.
2018-ci il 14 dekabr tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bərdə rayonunun Təhlə köçkün qəsəbəsində, Laçın rayonunun Hacıxanlı kənd tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir. Görüş-səyyar qəbulda 72 nəfər laçınlı köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, iqtisadiyyatın sürətlə inkişaf edərək 2018-ci ilin ötən dövründə 3.2 dəfə, qeyri-neft sektorunun 2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Bununla yanaşı cari ilin ötən dövrü ərzində prioritet sahə kimi kənd təsərrüfatının inkişafında 1.7 dəfə artıma nail olunması ilə ölkəmizdə qeyri-neft ixracatının 4.1 dəfə artmasını vurğulayan rayon rəhbəri 2018-ci ildə ölkəmizin valyuta ehtiyatının 45 milyard dollara çatılmasını ölkə başçısının uaqgörən iqtisadi siyasətinin nəticəsi olduğunu bildirdi.
Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksləri və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğuladı.
Səyyar qəbulda 7 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşıldığına görə ölkə Prezidentinə və rayon İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirmişlər.