Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Laçın rayon sakinləri tərəfindən də ehtiramla yad edilmişdir
2018-ci il 12 dekabr tarixdə Azərbaycan xalqının unudulmaz oğlu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon sakinlərinin daha sıx şəkildə müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində geniş anım mərasimi keçirilmişdir. Çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilmişdir. Tədbir Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən açıq elan edilərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Laçın Rayon İcra Hakimiyyətinin başçısı giriş nitqində dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirmişdir.
Tədbirdə “Heydər Əliyev - Tarixi Şəxsiyyət, əbədiyaşar Lider “ mövzusunda məruzə dinlənilmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan danışan rayon ziyalıları öz çıxışlarında əvəzedilməz Heydər Əliyev strategiyasının müstəqil Azərbaycanın inkişaf yolu olduğuna əminliklərini vurğulamaqla, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.