Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Bərdə rayonunun Kələntərli qəsəbəsində keçirilmişdir.
2018-ci il 23 noyabr tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bərdə rayonunun Kələntərli qəsəbəsində yerləşən Laçın rayon Qışlaq kənd tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüş-səyyar qəbulda 47 nəfər laçınlı köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, iqtisadiyyatın 3.2 dəfə, qeyri-neft sektorunun 2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Bununla yanaşı ölkə iqtisadiyyatının əsas prioritet sahələrdən biri kimi kənd təsərrüfatının inkişafında 1.7 dəfə artıma nail olunması ilə ölkəmizdə qeyri-neft ixracatının 4.1 dəfə artmasını vurğulayan rayon rəhbəri 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatlarının 1.8 milyard dollar təşkil etdiyi bildirməklə hazırda bu rəqəmin 45 milyard dollara çatılmasını ölkə başçısının uaqgörən iqtisadi siyasətinin nəticəsi olduğunu bildirdi.
Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksləri və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğuladı.
Səyyar qəbulda 10 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.