20 yanvar faciəsinin 23 –cü ildönümü ilə əlaqədar Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir
20 Yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 19 dekabr 2012- ci il tarixli, 119 nömrəli sərəncamı ilə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq tədbirlər planı tərtib edilmiş, tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər keçirilmişdir.
10 yanvar 2013-cü il tarixdən başlayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar rayonun idarə və müəssisələrində, həmçinin kənd icra nümayəndəliklərində anma mərasimlərinin keçirilməsi təşkil edilmiş, Taxta körpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işləri aparılmışdır. Rayonun bütün tədris müəssisələrində yanvarın 18-də Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərsin aparılması təmin olunmuşdur.
Yekun olaraq 19 yanvar 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta körpü qəsəbəsində fəaliyyət göstərən idarə və müəssisələr, ərazidə fəaliyyət göstərən bütün məktəb kollektivlərinin iştirakı ilə “Şəhidlərin xatirə kompleksi” ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra, faciənin baş vermə səbəblərindən danışılaraq, dövlətimizin müstəqilliyinin əldə edilməsində faciə qurbanlarının misilsiz xidmətləri xüsusi qeyd edilmişdir. Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuşdur.
20 yanvar 2013-cü il tarixdə Bakı şəhərində Laçın rayon ictimaiyyəti nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarət etmələri təşkil olunmuşdur.
Eyni zamanda Tədbirlər Planına uyğun olaraq, 20 yanvar günü Taxta körpü ərazisində faciənin ildönümü ilə bağlı matəm əlaməti olaraq kənd və qəsəbələrdə, rayonun bütün inzibati idarələrində faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə dövlət bayraqlarının endirilməsi təşkil olunmuş, saat 12.00-da rayon sakinlərinin məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təmin olunmuşdur.