Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi qeyd olunmuşdur
2018-ci il 21 noyabr tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Toplantı laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Taxta Körpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, daha sonra “Heydər Əliyev” parkında xeyli ağac əkmişlər.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq qeyd etmişdir ki, bu gün üzərimizdə üzvlük vəsiqəsini fəxrlə daşıdığımız Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ili tamam olur. Bu münasibətlə partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, partiyanın İdarə Heyəti və Siyasi Şuranın üzvlərini, İcra katibliyinin rəhbərliyini, partiyamızın 700 minə qədər üzvünü, təəssübkeşlərini təbrik edirəm.
Sonra Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənov çıxış edərək , Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd etmişdir. Bu gün Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.
Tədbirdə digər çıxış edənlər Murad Hüseynov, Tahir Bayramov, Əmiraslan Məmmədov və başqaları xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildirmişlər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəaliyyətində yaxından iştiraklarına görə fərqlənən Yeni Azərbaycan Partiyası fəallarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.