Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

04 oktyabr 2018 | 16:00

     2018-ci il 4 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində              5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl rayonun təhsil işçiləri və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
     Müəllimlər Gününə həsr edilmiş tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının  konfrans zalında davam etdirilmişdir. 
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik etmiş, 5 oktyabr tarixinin 1966-cı ildən YUNESKO-nun qərarı ilə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Rayon rəhbəri müəllimlərə və müəllim adına dövlət tərəfindən əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının bu gün də Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq bildirmişdir ki,  Beynəlxalq Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlayıb. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış,  daima təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.
     Natiq çıxışında Azərbaycan xalqının milli təfəkküründə müəllimlərimizin rolunun əvəzsiz olduğunu xüsusi vuğulayaraq bildirmişdir ki, məhz ona görə də cəmiyyətimiz bu şərəfli peşə sahiblərinə böyük hörmətlə yanaşır, onların əməklərini uca tuturlar.
     Rayonda təhsil sahəsində qazanılan uğurlardan danışan natiq eyni zamanda bildirmişdir ki, 2017-2018-cı dərs ilində 11-ci sinfi bitirən 939 nəfər məzundan  744 nəfəri ali məktəblərə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda iştirak etmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunların 50 faizi, imtahanlarda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır. 92 nəfər  500-dən o, cümlədən 29 nəfər 600- dən  çox bal toplamışdır. Bu da ötən ildəki ilə müqayisədə 500-dən çox bal toplayanlardan 38 nəfər, o cümlədən 600-dən  çox bal toplayanlardan 11 nəfər çox olmuşdur. Eyni zamanda, 2018-ci ildə orta ixtisas təhsili müəssisələrinə 61 nəfər qəbul olmuş, bu da keçən ilki nəticədən 19 nəfər çoxdur. Ümumilikdə ötən illərin məzunları ilə birlikdə rayon üzrə ali təhsil müəssisələrində 549 nəfər, orta ixtisas təhsili müəssisələrində 77 nəfər tələbə adını qazanmışdır.
    Çıxışda həmçinin bildirilmişdir ki, qaçqınları və məcburi köçkünləri daima diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentimiz İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 fevral 2018-ci il tarixli sərəncamı ilə rayonun Ağbulaq obasında 56 şagird yerlik modul tipli tam orta, Sonasar obasında  40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblərinin quraşdırılması nəzərdə tutulmuşdur.
    Tədbirdə çıxış edən rayonun ümumtəhsil məktəblərinin müəllimləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.
    Tədbirdə təhsildə və pedaqoji işdə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

Keçidlər