Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər bayramı laçınlılar tərəfindən böyük coşqu ilə qeyd edildi

08 noyabr 2023 | 13:35

2023-cü il 8 noyabr tarixində Laçın Rayonu İcra Hakimiyyətinin, rayonun  idarə və  müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində   Zəfər bayramına  həsr olunmuş təntənəli tədbiri keçirilmişdir.

Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və çoxsaylı  ictimaiyyət nümayəndələri  iştirak edirdilər.

Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısının və şəhid valideynlərinin, qazilərin iştirakı  ilə  Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstünü, həmçinin qəsəbədəki Şəhidlərin Xatirə kompleksini ziyarət edərək hər iki abidə önünə tər qərənfillər  düzmüş, əziz xatirələrini ehtiramla yad etmişlər.

Təntənəli bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin  ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin  bir dəqiqəlik sükutla   yad olunması ilə başlandı.

 Rayon rəhbərliyi tədbir iştirakçılarını möhtəşəm Zəfər münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində rəşadətli ordumuz tərəfindən torpaqlarımızın yağı düşməndən azad edilməsi ilə xalqımıza yaşadılan  möhtəşəm Zəfər Bayramının bu gün bütün dünya azərbaycanlıları tərəfindən qürur hissi  ilə qeyd etdikləri xüsusi ilə vurğulandı. Minnətdarlıq hissi ilə qeyd olunmuşdur ki, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin  30 ilə yaxın həsrətində olduğumuz Laçın rayonu 1 dekabr 2020 ci il tarixdə işğaldan azad  olundu. Bu gün Laçın azaddır. Artıq Böyük Qayıdış Planına əsasən yüzlərlə laçınlı ailəsi öz doğma şəhərinə qayıtmışdır

Bildirilmişdir ki, 2023-cü il sentyabrın 19-20 tarixlərində dövlətimiz tərəfindən Qarabağ ətrafında keçirilmiş antiterror əməliyyatı çərçivəsində erməni separatçılarının qalıqları cəmi 23 saat ərzində tamamilə  təslim olmağa məcbur edilməsi nəticəsində  ölkəmizin suverenliyinin tam təmin olunması Zəfər Bayramının 3-cü il dönümünü xüsusilə əlamətdar etmişdir . Artıq üçrəngli bayrağımız Xocalıda, Əsgəranda, Ağdərədə və Xankəndində qürurla dalğalanır.

Tədbirdə  rayonun mədəniyyət kollektivlərinin ifasında  Xalqımızın Möhtəşəm Qələbəsinə həsr olunmuş vətənpərvər musiqi nümunələri səsləndirilmişdir.

          Tədbir hər bir iştirakçıda xoş təəssürat və  yüksək əhval-ruhiyyə yaratmışdır.

Keçidlər