Laçın Rayonu İcra Hakimiyyəti başçısının Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Leyla İlyasovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2018-ci il 31 iyul tarixli 371 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Laçın Rayonu İcra Hakimiyyəti başçısının Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Leyla Valeh qızı İlyasova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Bununla əlaqədar olaraq, 2018-ci il 28 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin Nərimanov qərargahında keçirilmiş tədbirdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və müvafiq vəsiqə Laçın Rayonu icra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Leyla İlyasovaya təqdim olunmuşdur.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən uzun illər dövlət qulluğunda nümunəvi fəaliyyət göstərən Leyla İlyasovanın “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini laçınlılar tərəfindən yüksək razılıq hissi ilə qarşılandığını bildirmişdir. Rayon rəhbəri bu yüksək etimada, diqqət və qayğıya görə bütün laçınlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq edərək, ölkə başçısının bu yüksək etimadını laçınlıların bundan sonra da dövlətə və dövlətçiliyimizə öz sədaqətləri və əməli işləri ilə doğruldacaqlarını, doğma Azərbaycanımızın çiçəklənməsi naminə möhtərəm Prezidentimizin həyata keçirdiyi bütün işlərdə onun yaxın köməkçiləri olacaqlarını vurğulamışdır.
Tədbirdə yüksək mükafat öz sahibinə təqdim edildikdən sonra Leyla İlyasova çıxış edərək əməyinin yüksək səviyyədə qiymətləndirilməsinə görə ölkə Prezidentinə öz adından və ailəsi adından dərin minnətdarlıq bildirmişdir.
Təqdimatda Laçın Rayonu icra Hakimiyyəti başçı aparatının məsul işçiləri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.