Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Səbail rayonunda keçirilmişdir.
28.09.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Bakı şəhəri Səbail rayonu 20-ci sahədə yerləşən 40 nömrəli Laçın tam orta məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Həmin görüş-səyyar qəbulda 65 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, xüsusilə, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi dövlət başçısı cənab İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gündəlik diqqət mərkəzində olmaqla, bu istiqamətdə əvvəlki illərdə olduğu kimi cari ildə də daha çox ciddi ehtiyacı olan köçkünlər yeni mənzillərlə təmin edilmiş , bu sahədə işlər uğurla davam etdirilməkdədir.
Səyyar qəbulda 10 nəfər laçınlı köçkünün müraciətləri dinlənilmişdir. Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti üzrə idarə, müəssisə rəhbərləri və müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.