Laçın rayonunun təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir
2018-ci il 12 sentyabr tarixdə Laçın rayonunun təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransdan əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsindəki Laçın Rayon Təhsil Şöbəsinin akt zalında keçirilən konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlamışdır.
Konfransda “2017-2018-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə ötən tədris ilində rayonun təhsil sahəsində əldə edilmiş uğurlar, həmçinin problem və geriliklər ətraflı təhlil edilmişdir. Bildirilmişdir ki, 2017-2018-ci dərs ilinin buraxılış imtahanında rayonun 80 tam orta məktəbindən 11-ci siniflər üzrə 953 məzun iştirak etmiş, onlardan 680 nəfər məzun (73%) hər üç fəndən müvəffəq qiymət almışdır. 53 nəfər XI sinif şagirdi fərqlənmə attestatına layiq görülmüşdür. 9-cu siniflər üzrə buraxılış imtahanlarında 933 nəfər məzun iştirak etmiş, onlardan 630 nəfər məzun müvəffəq qiymət almış, orta ixtisas məktəblərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. Ümumiliklə 908 nəfər məzun ümumi orta təhsil haqqında attestat almış, onlardan 3 nəfəri fərqlənmə attestatına layiq görülmüşdür.
Eyni zamanda bildirilmişdir ki, 2017-2018-cı dərs ilində 11-ci sinfi bitirən 939 nəfər məzundan 744 nəfəri ali məktəblərə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda iştirak etmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunların 50 faizi, imtahanlarda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır. 92 nəfər 500-dən o, cümlədən 29 nəfər 600- dən çox bal toplamışdır. Bu da ötən ildəki ilə müqayisədə 500-dən çox bal toplayanlardan 38 nəfər, o cümlədən 600-dən çox bal toplayanlardan 11 nəfər çox olmuşdur. Eyni zamanda, 2018-ci ildə orta ixtisas təhsili müəssisələrinə 61 nəfər qəbul olmuş, bu da keçən ilki nəticədən 19 nəfər çoxdur. Ümumilikdə ötən illərin məzunları ilə birlikdə rayon üzrə ali təhsil müəssisələrində 549 nəfər, orta ixtisas təhsili müəssisələrində 77 nəfər tələbə adını qazanmışdır.
Həmçinin bildirilmişdir ki, qaçqınları və məcburi köçkünləri daima diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentimiz İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 fevral 2018-ci il tarixli sərəncamı ilə rayonun Ağbulaq obasında 56 şagird yerlik modul tipli tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblərinin quraşdırılması nəzərdə tutulmuşdur.
Həmçinin qeyd olunmuşdur ki, “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar olaraq rayonun 28 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Quliyeva Nazifə Halay qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Ümumilikdə rayon üzrə ötən tədris ilində 2 nəfər müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 3 nəfər müəllim “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, 1 nəfər müəllim fəxri fərmanla və 1 nəfər müəllim isə təşəkkürnamə ilə təltif edilmişdir. Rayonun 15 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Quluzadə Aynur Mətləb qızı biologiya fənni üzrə 77.50 bal toplayaraq I yer tutmuş və qızıl medalla təltif olunmuşdur.
Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri, eyni zamanda ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş bir neçə şagird çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Konfransda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm Sərəncamların imzalandığını qeyd edərək, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir. Rayon rəhbəri həmçinin bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmışdır. Görülmüş işlərlə yanaşı rayon rəhbəri Rayon Təhsil Şöbəsinə və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlarını vermişdir.
Tədbirdə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyəsi təqdim olunmuşdur. Eyni zamanda ötən tədris ili müddətində təhsil sahəsində uğur qazanmış və nəticə göstərmiş rayonun bir neçə tam orta məktəbinin müəllimlərinə də Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Konfransda Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri Hümeyir Əhmədov iştirak etmişdir.
Konfransın yekununda Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.