Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir.
07.09.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarıqışlaq obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Həmin ərazidə fəaliyyət göstərən Laçın rayonunun Qarıqışlaq kənd tam orta məktəbində keçirilən görüş-səyyar qəbulda 110 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.
Rayon rəhbəri çıxışında, xüsusilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazimizin işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 2018-ci il 26 iyun tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamışdır.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın şöbə müdiri Aslan Abbasov, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri, eyni zamanda rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər. Səyyar qəbulda 14 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Laçın Rayonu İcra Hakimiyyətinin əməkdaşlarına yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.