Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Goranboy rayonunda keçirilmişdir.
20.07.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Goranboy rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüş-səyyar qəbulda 45 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.
Rayon rəhbəri çıxışında, xüsusilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazimizin işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 26 iyun 2018-ci il tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamışdır.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər. Səyyar qəbulda 5 nəfər köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Laçın Rayonu İcra Hakimiyyətinin əməkdaşlarına yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.