Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olundu
12 dekabr 2012-ci il tarixdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ağcabədi rayonu Taxta körpü ərazisində Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə geniş mərasim keçirilmişdir. Çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzmüşlər.
Sonra anım mərasimi rayon İcra Hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir. Mərasimi Laçın Rayon İcra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov açıq elan etdikdən sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Mərasimdə rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, müasir Azərbaycan dövlətinin Heydər Əliyev strategiyası ilə uğurla inkişaf edərək dünyada layiqli yerini tutmasını xüsusilə vurğulamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, bu əvəzolunmaz siyasət 2003-cü ildən Ulu Öndərin ən layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uzaqgörən və müdrik dövlət başçısı kimi uğurla həyata keçirilməkdədir. Həmçinin qəti əminliklə bildirilmişdir ki, ölkə Prezidentinin apardığı qətiyyətli və dəyişməz siyasət sayəsində tezliklə işğal olunmuş tarixi torpaqlarımız yağı düşməndən azad ediləcək və bütün köçkünlər öz ata-baba yurdlarına dönəcəklər. Mərasimdə Ulu öndər Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu əks etdirən “Heydər Əliyev ömrünü xalqına həsr edən, dahi şəxsiyyətdir” mövzusunda məruzə dinlənilmiş, Ulu öndərin çoxşaxəli dövlətçilik fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa edilmişdir.