Şriftin ölçüsü :

Saytın rəngi :

2018- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

12 iyul 2018 | 16:00

    12 iyul 2018-ci il tarixdə laçınlı köçkünlərin  məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında  rayon üzrə 2018- ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura yığıncağı keçirilmişdir.
    Yığıncaq iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək  hörmət və ehtiramlarını bildirmişlər. Yığıncaqda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə dinlənilmişdir. Məruzədə əvvəlki illərdə olduğu kimi  2018-ci ilin birinci yarısında da  laçınlı  köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda rayon sakinlərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və sosial-rifah halının yüksəldilməsi istiqamətində  görülmüş işlər, habelə rayonun sosial-iqtisadi inkişafı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Taxtakörpü ərazisində  məskunlaşmış  köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün  0.4 və 10 kV-luq hava xətlərində cari təmir işləri görülmüş, 10350 metr naqil yenisi ilə əvəz olunmuş, Qayğı qəsəbəsində, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Ağbulaq, Ərdəşəvi, Arduşlu, Nurəddin obalarında istismar müddətini başa vurmuş 202 ədəd dayaq dəyişdirilmiş, Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kvt-lıq, Cağazur obasında 63 kvt-lıq transformator yenisi ilə əvəz edilmişdir. Alxaslı obasında elektrik xətlərində əsaslı təmir işi görülmüş, 30 ədəd 10 kvt-lıq beton dirək və 30 ədəd 0,4 kvt-lıq dayaq basdırılmış, 5 min metr naqil dəyişdirilmiş, 250 kvt-lıq transformator qoyulmuşdur.
     Eyni zamanda bildirilmişdir ki, cari ilin ötən dövründə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə  Mişni  nasos stansiyasında təmir işləri aparılmış, Mişni-Mayis, Taxta körpü - Qarakeçdi, Kür çayı - Mişni  magistral su xətlərində diametri  159-250 mm olan boru xətlərinin  60 p/m hissəsi  yenisi ilə əvəz olunmuş,  obalarda və qəsəbələrdə daxili su xətləri təmir olunmuş, müxtəlif dövrlərdə su xətlərində baş vermiş qəzaların vaxtlı-vaxtında aradan qaldırılması təmin edilmişdir. 37 ailəlik qəsəbədə bütün xətlər - istismar müddəti başa çatmış metal borular polipropilen boru ilə dəyişdirilmiş, bütün abonentlərə sayğac qoyulması təmin olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə  Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə-977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün   modul tipli sutəmizləyici qurğular quraşdırılmış və ötən müddət ərzində tam istifadəyə  verilməsi təmin olunmuşdur.
Həmçinin bildirilmişdir ki,  Azərbaycan Respublikası Prezidentinin  5 mart 2018-ci il tarixdə imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər“ haqqında  Sərəncamına  uyğun olaraq ötən müddət ərzində Qayğı qəsəbəsi ərazisində 54 ailənin yaşadığı evlərin mavi yanacaqla təmin olunması istiqamətində işlərə başlanılmış, yaxın zamanlarda çəkilişin başa çatdırılması nəzərdə tutulmuşdur.
    2018-ci ilin ötən dövrü ərzində rayonun Taxta Körpü ərazisindəki obalarda taxıl biçininə başlanmış, Ağcabədi, Bərdə, Zərdab və İmişli rayonlarından 12 kombayn gətirilmişdir. 91 ha buğda və 1031,4 ha arpa, cəmi 1122,5 ha dənli bitkilər sahəsi biçilmişdir ki, bundan da müvafiq olaraq, 200,7 buğda və 2238,4 ton arpa, cəmi 2439,1 ton taxıl məhsulu istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 22 sentner təşkil etmişdir. Həmin əkin sahələrinin məhsuldarlığının artırılması məqsədi ilə 28,7 ton azot gübrəsi Zərdab rayon Aqroservis filialından alınaraq fərdi təsərrüfatçılara çatdırılmışdır. Baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün məqsədyönlü iş aparılmış, bu məqsədlə Taxta Körpü ərazisində tut bağı salınmış, ötən ildə 10 000 ədəd,  cari  ildə isə 1000 ədəd çin istehsalı olan tut tingi əkilmiş, bundan əlavə 2300 ədəd yerli tut tingi alınaraq əkilmişdir.  Respublikada baramaçılığın inkişaf etdirilməsinə də Laçın rayonu öz töhfəsini vermişdir. 2018-ci ilin aprel ayının 28-də 494 qram (26 qutu) barama qurdu Qax Damazlıq Mərkəzindən götürülmüş, saxlanması üçün 9 ailəyə təhvil verilmişdir. İlk dəfə olaraq laçınlı kümçülər 26 qutu barama qurdunu becərmiş, 1052,1 kq təmiz çəkidə yaş barama tədarük olunaraq, Şəki İpək MMC-yə təhvil verilmişdir. Yaş baramanın hər kq-nın satış qiymətinin 4 manatı Şəki İpək MMC tərəfindən ödənilmiş, 5 manatı isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına subsidiya şəklində verilməsi nəzərdə tutulmuşdur.
   Məruzədə xüsusilə o da vurğulanmışdır  ki, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları müxtəlif yaşayış məntəqələrində 19 səyyar qəbul keçirilmiş, 1552 nəfər rayon sakininin  iştirak etdiyi bu görüşlərdə 157 nəfərin müraciəti dinlənilməklə,  habelə Rayon İcra Hakimiyyəti başçısı aparatında  1266 nəfər rayon sakini qəbul olunmuş, onların müraciətləri ilə əlaqədar köməklik olunması üçün  aidiyyəti  rayon təşkilatlarına konkret tapşırıqlar  verilərək icrasına nəzarət olunmuşdur.
     Şura iclasında məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunaraq, qarşıda duran vəzifələrdən danışılaraq, 2018- ci ilin birinci yarısında müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq il ərzində də Taxta Körpü ərazisindəki obalarda  Dövlət Proqramı ilə nəzərdə tutulmuş qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası üçün təsdiq olunmuş layihələrin icrası qarşıda duran vəzifələrdən hesab edilmişdir.

Keçidlər