Səyyar həkim briqadası Laçın obalarında məcburi köçkünlərə tibbi xidmət göstərmişdir.
02 - 03 iyul 2018-ci il tarixlərində Laçın Rayon İca Hakimiyyətinin təşkilatçılığı ilə Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadası Ağcabədi rayonu Taxta Körpü ərazisindəki Malıbəy, Kamallı, Cağazur, Qarıqışlaq, Alxaslı, Mişni, Qozlu, Təzəkənd, Şeylanlı, Hacılar, Sadınlar, Qoşasu, Minkənd, Mirik, Ağbulaq, Qarakeçdi, Vağazin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin sakinlərinin müvəqqəti məskunlaşdığı obalarda olmuşlar.
Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının tərkibində iki terapevt, iki ginikoloq, stomatoloq, oftalmoloq və pediatrın iştirakı təmin olunmuşdur. Keçirilmiş səyyar tibbi baxışın ilk günündə 74 nəfər, ikinci günündə isə 32 nəfər olmaqla cəmi 106 nəfər müayinə olunmuşdur. Müayinə zamanı 17 xəstəyə yerində tibbi yardım göstərilmiş, digərlərinə isə müvafiq müalicə təyin olunmuşdur.
Bununla yanaşı səyyar tibbi baxış zamanı ərazidə müvəqqəti məskunlaşmış şəhid ailələri və Qarabağ əlillərinin mənzillərində olaraq onlardan ehtiyacı olanlara tibbi yardım göstərilmiş və zəruri dərman preparatları verilmişdir.
Məcburi köçkünlər isti yay günlərində müvəqqəti məskunlaşdıqları ərazidə onlarla görüşlərin keçirilməsini və səyyar həkim briqadası tərəfindən müayinə və müalicə olunmalarını razılıqla qarşılamış, bu qayğıya görə tədbirin təşkilatçılarına və səyyar həkim briqadasına minnətdarlıqlarını bildirmişlər.
Səyyar həkim briqadası tərəfindən tibbi xidmətin isti yay günlərində davam etdirilməsi nəzərdə tutulmuşdur.