Şriftin ölçüsü :

Saytın rəngi :

«54 gün mühasirədə» filminin təqdimat mərasimi keçirilmişdir

08 dekabr 2012 | 16:00

Tarixi Azərbaycan torpaqlarının işğal edilərək Ermənistana birləşdirilməsi məqsədilə süni surətdə yaradılan Dağlıq Qarabağ münaqişəsi dünya tarixində törədilən soyqırımların sayının artırılması ilə nəticələnmişdir. Bu münaqişə nəticəsində yüz minlərlə soydaşımız, kütləvi qətllərə, amansız işgəncələrə məruz qalmış, öz tarixi ata-baba torpaqlarından didərgin salınmışlar.
Telejurnalist Vəsilə Vahidqızının ssenarisi əsasında hazırlanmış «54 gün mühasirədə» sənədli filmi Laçın və Kəlbəcər rayonlarının erməni ordusu tərəfindən işğalı zamanı mühasirəyə düşmüş 19 nəfərdən biri olan Oğuldərə kənd sakini Əli Əliyevin və onun ailə üzvlərinin üzləşdiyi müsibətləri özündə əks etdirir. Film boyu tamaşaçılar baş verən faciəvi hadisələri iştirakçıların öz dilindən eşidir, erməni yaraqlılarının azərbaycanlılara qarşı necə qəddarcasına davrandıqlarının bir daha şahidi olurlar.
Laçın rayonundan Milli Məclisə üzv seçilmiş Nazim Fərəcovun maliyyə dəstəyilə çəkilmiş film xalqımızın başına gətirilən müsibətləri özündə əks etdirən mükəmməl bir sənədlər toplusudur. Filmin təqdimetmə mərasimində respublika ziyalıları, media nümayəndələri ilə yanaşı Milli Məclisin üzvləri Xanhüseyn Kazımlı, Elman Məmmədov, Fəzail İbrahimli, Fazil Mustafa, Tahir Rzayev, Qüdrət Həsənquluyev, Rövşən Rzayev, Rüstəm Məmmədov və digər millət vəkilləri də iştirak etmişlər.
Filmin nümayişindən sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edərək bildirmişdir ki, ürək ağrısı ilə tamaşa etdiyimiz bu film sovet rəhbərliyinin himayədarlığı və ermənilərin əli ilə XX əsrin 90-cı illərində xalqımıza qarşı törədilən soyqırım siyasətini özündə əks etdirən tutarlı bir faktdır. Filmdə Əliyevlər ailəsinin üzləşdiyi faciələr əks etdirilir. Dağlıq Qarabağ müharibəsi zamanı yüz minlərlə azərbaycanlı ailəsi belə faciələri yaşamışdır. Biz imkan daxilində yaşadığımız bütün faciələri bu günkü film kimi tarixiləşdirməli və bütün dünyaya çatdırmalıyıq.
Sonra Milli Məclisin üzvü, filmin çəkilişinə yaxından köməklik göstərmiş Nazim Fərəcov çıxış edərək Qarabağ həqiqətlərini və erməni qəddarlığının gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırmaq baxımından filmin böyük əhəmiyyəti olduğunu vurğulamışdır.
Daha sonra tədbirdə Fəzail İbrahimli, Xanhüseyn Kazımlı, Rövşən Rzayev və digər millət vəkilləri çıxış edərək, ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrdən danışaraq, müharibə zamanı baş verənlərin, dinc əhalinin necə ağır müsibətlərlə üzləşdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün «54 gün mühasirədə» filminin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar Çıxışlar zamanı bir daha vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında dövlətimiz işğala son qoyulması üçün uğurlu fəaliyyət göstərir və bu fəaliyyətin müsbət nəticələr verəcəyinə inanırıq.
 

Keçidlər