“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda dəyirmi masa təşkil olunmuşdur
2018-ci il 20 iyun tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının, məhz bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq, ölkədə baş verə biləcək istənilən fövqəladə vəziyyətin qarşısının alınmasında Nazirlik əməkdaşlarının misilsiz xidmətlərinin olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Ruslan Zeynalov “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda çıxış edərək, ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunmasının, belə hadisələrin nəticələrinin aradan qaldırılmasının, xilasetmə və bərpa işlərinin həyata keçirilməsinin çətin və məsuliyyətli bir iş olduğunu, eyni zamanda bu işlərin qarşısının alınmasında ölkə vətəndaşlarının maarifləndirilməsinin də çox əhəmiyyətli bir iş olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə digər çıxış edənlər də mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində həyata keçirilən tədbirlərin bütün ölkə vətəndaşları tərəfindən razılıqla qarşılandığını, eyni zamanda fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı vətəndaşların maarifləndirilməsinin çox təqdirəlayiq bir iş olduğunu bildirmişlər.