Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxta Körpü köçkünlər qəsəbəsində qaz çəkilişi işləri yekunlaşmaq üzrədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısının nəticəsi olaraq, son illər ölkəmizdə əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmişdir.
Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkəmiz üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.
Bu diqqət və qayğının davamı olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 5 mart tarixli 3749 nömrəli Sərəncamına əsasən Ağcabədi rayonunun Taxta Körpü ərazisində laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları köçkünlər qəsəbəsinin qazlaşdırılması işləri başa çatmaq üzrədir.
Belə ki, qəsəbədə qaz xətlərinin çəkilişinə may ayında start verilmişdir.
Qəsəbənin qazla təmin olunması üçün 2700 metr uzunluğunda daşıyıcı, 3200 metr uzunluğunda paylayıcı xətlər çəkilmiş, rəngləmə və beton işləri yekunlaşmışdır.
Sayğacların quraşdırılması işləri başa çatdıqdan sonra qəsəbə “mavi yanacaq”la təmin ediləcəkdir.