“İnsan Hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir
2018-ci il 8 iyun tarixdə Ağcabədi rayonu ərazisndəki Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı “ ilə bağlı tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasının konfrans zalında başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aslan Abbasov giriş sözü ilə açaraq, gündəlikdə duran məsələ - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli müvafiq Sərəncamı ilə hər il iyun ayının 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu, bununla yanaşı Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 İyun “İnsan Hüquqları Günü” ərəfəsində respublikamızda may ayının 18-dən, 18 iyun tarixinədək elan edilmiş “İnsan Hüquqları aylığı” ilə bağlı yığıncaq iştirakçılarına məlumat verərək, bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamış, dövlətimizin insan hüquq və azadlıqları istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs etmişdir. Natiq eyni zamanda ölkəmizin tolerantlıq, multikulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından danışaraq, insan hüquqları və azadlıqları sahəsində əldə edilmiş nailiyyətlərdən danışmışdır.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə “Azərbaycan dövləti daima insan hüquqlarının təminatçısıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edənlər bildirmişlər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olmuşdur. Bu proseslərə 1993-cü ilin ikinci yarısından start verilmiş, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuş və bunu prioritet prinsip hesab etmişdir. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi ilə qeyd etmək lazımdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Pərviz Eyvazov da iştirak etmişdir.