Konstitusiya Günü münasibəti ilə tədbir keçirilmişdir
12 noyabr 2012-ci il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya günü qeyd edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbiri açıq elan etdikdən sonra Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi, xalqımızın ulu öndəri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon rəhbəri giriş sözü ilə etdiyi çıxışında, hər il olduğu kimi, bu il də xalqımızın Konstitusiya Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş yeni konstitusiyanın qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə və çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslandığını bildirmişdir.
Tədbirdə “ Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının yaradıcısıdır ” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə və çıxışlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanın yaradılmış ilk Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdığı, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünyada nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə olduğu xüsusilə vurğulanmışdır. Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu Konstitusiyanın müddəalarından istifadə edərək tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.