Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Bərdədə keçirilmişdir

01 iyun 2018 | 16:00

    2018-ci il 1 iyun tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bərdə rayonunun Zümürxan köçkünlər qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Zümürxan ümumi orta məktəbinin həyətində, həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir. Görüşdə 84 nəfər iştirak etmişdir.

    Görüşdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, Laçın Rayon prokuroru Ceyhun Almasov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov, Laçın Peşə məktəbinin direktoru Asif İsayev, Laçın Rayon İcra Hakimiyyəti başçısının Kürdhacı, Piçənis, Qarabəyli, İrçan, Qorçu, Qarıqışlaq, Köhnəkənd kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri, həmçinin Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana, Prezident təqaüdçüsü Şərqiyyə Vəliyeva iştirak etmişlər.

    Laçın Rayon İcra Hakimiyyəti başçısının Bərdə rayonu üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndəsi Vaqif Hümbətov məlumat vermişdir ki, ölkəmizin kənd rayonları üzrə Laçın rayonundan ən çox əhalimizin müvəqqəti məskunlaşdığı rayon Ağcabədi rayonu istisna olmaqla, məhz Bərdə rayonudur. Belə ki, Bərdə rayonunda 01.01.2018-ci il tarixə 1979 ailədən ibarət 7 282 nəfər laçınlı məcburi köçkün müvəqqəti məskunlaşmışdır ki, onlardan da 79 ailə 283 nəfər Zümürxan kəndi ərazisindədir. Zümürxan kəndi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər əsasən Laçın rayonunun Kürdhacı, Qarabəyli, Qozlu, Qorçu, Cağazur, Zabux, Kamallı, Oğuldərə, Piçənis və Şamkənd kənd ərazi dairələrinin sakinləridir.

    Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək məcburi köçkünləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcədə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır.

     Sonra Laçın rayonunun Zümürxan ümumi orta məktəbin direktoru Elbrus Aslanov məktəbin fəaliyyəti barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir.

     Görüşdə çıxış edənlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

    Daha sonra təşkil edilmiş səyyar qəbulda 8 nəfər məcburi köçkünün fərdi qaydada müraciəti dinlənilmişdir. Fərdi müraciətlərlə yanaşı əraziyə qaz xəttinin çəkilməsi ilə bağlı kollektiv şəkildə müraciət də olunmuş, həmin müraciətlərlə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, tapşırıqların icrası nəzarətə götürülmüşdür.

    Səyyar qəbulda iştirak edən məcburi köçkünlər təşkil edilmiş görüşə və onların müraciətlərini yerdə dinlədiyinə görə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər