Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı ictimaiyyət nümayəndələri Bakı şəhərində Dövlət Bayrağı Meydanını ziyarət etmişlər

09 noyabr 2012 | 16:00

8 noyabr 2012-ci il tarixdə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup rayon ictimaiyyəti nümayəndəsi Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə - istirahət kompleksindəki Dövlət Bayrağı Meydanını ziyarət etmişlər.
Bildiririk ki, Dövlət Bayrağı Meydanını yaradılması barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci il 17 noyabr tarixində Sərəncam imzalanmışdır. Bu Sərəncama müvafiq olaraq Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində -Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Qısa müddət ərzində inşa edilən Dövlət Bayrağı Meydanının təntənəli açılışı mərasimi 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən keçirilmişdir.
Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu tarixli Sərəncamına əsasən hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənəli surətdə qeyd edilir.
Rayon ictimaiyyəti nümayəndələri Dövlət Bayrağı Meydanı ilə ümumi tanışlıqdan sonra memorial-abidə kompleksində yaradılmış Dövlət Bayrağı Muzeyini ziyarət etmiş, orada beş min illik dövlətçilik tarixinə malik olan xalqımızın müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərinin bayraqları və digər dövlət nişanları ilə də yaxından tanış olmuşlar. Dövlət Bayrağı Meydanı ilə yaxından tanışlıq və Dövlət Bayrağı Muzeyinin ziyarəti laçınlı ictimaiyyət nümayəndələrində yüksək əhval ruhiyyə və iftixar hissi yaratmışdır. Laçınlı məcburi köçkünlər Bayraq Meydanından yüksək iftixar, qürur və bayrağımızın tezliklə işğaldan azad ediləcək bütün torpaqlarımızda dalğalanacağına qəti əminlik hissi ilə ayrılmışlar.
 

Keçidlər