Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlər heyvandarlığın inkişafına öz töhfələrini verirlər

26 may 2018 | 16:00

     1992-ci ilin may ayının məlum hadisələrindən sonra Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır. Belə ki, sahəsi 31 600 hektar olan, 3 yeni salınmış qəsəbədən və 84 obadan ibarət Taxta Körpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər - naxırlar Laçından bu yerlərə gətirilirdi. Lakin 26 ildir ki, laçınlı köçkünlər mal-qaranı Taxta Körpü ərazisində saxlamağa məcbur qalıblar.
     Hazırda rayonun əhali və fermer təsərrüfatlarında 34 min 112 baş iribuynuzlu, 177 min 268 baş xırdabuynuzlu heyvan var. İlin birinci rübündə 5592 sentner ət, 37 min 985 sentner süd istehsal edilib. Qaramalın cins tərkibinin yaxşılaşdırılması üçün təsərrüfatlarda heyvanların süni yolla mayalandırılması həyata keçirilir. Bu yaxınlarda isə Almaniyadan 35 baş “Holştein-friz” cinsli heyvan gətirilib. Mal-qaranın yem təminatını ödəmək üçün Taxta Körpü ərazisində 1500 hektarda yonca, 1100 hektarda arpa becərilir.
    Yayda Taxta Körpü ərazisi isti olduğundan bir çox təsərrüfat sahibləri heyvanlarını Daşkəsən, İsmayıllıdakı yaylaqlara aparırlar. Bu il də 100-ə qədər ailənin yaylaqlara köç etməsi nəzərdə tutulur.
     Uzun illərdir ki, heyvandarlıqla məşğul olan Laçın rayonunun Alxaslı kənd sakini Nağıyev Məzahir Talış oğlu artıq Almaniyadan “Holştein-friz” cinsli heyvanlar gətirib. Lizinq yolu ilə gətirilmiş həmin inəklərdən hazırda 28 baş bala alınıb. Hazırda inəklərin əksəriyyəti sağılır, gün ərzində hər inəkdən mexaniki üsulla 20-25 litr süd sağılaraq, emal müəssisələrinə göndərilir.
    Taxtakörpü ərazisində saxlanılan mal-qaraya epizootik plan əsasında müntəzəm olaraq zoobaytar xidməti göstərilir, xroniki və infeksion xəstəliklərə qarşı profilaktiki vaksinasiya işləri aparılır. Rayonun kənd təsərrüfatı mütəxəssisləri tərəfindən sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara dair tövsiyələr verilir.

Keçidlər