Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı geniş bayram tədbiri keçirilmişdir
01 noyabr 2012-ci il tarixdə Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir. Yubiley tədbirində millət vəkili, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Bahar xanım Muradova, millət vəkili cənab Nazim Fərəcov, Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov , Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi cənab Araz Xudadanov iştirak etmişlər .
Fəxri qonaqlar tədbir iştirakçıları ilə birlikdə əvvəlcə Taxta-körpü qəsəbəsində ağacəkmə mərasimində iştirak etmiş, Ümummilli lider Heydər Əliyevin büstü və şəhidlərin xatirə kompleksi önünə gül dəstələri qoymuşlar.
Sonra Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə dövlət himni səsləndirilmiş, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri Aqil Nəzərli Yeni Azərbaycan Partiyasının yarandığı şərait, keçdiyi 20 illik şərəfli yoldan danışmışdır.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov ölkəmizin ən ağır sınaq günlərində yaranan Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynadığını bildirmişdir. Eyni zamanda partiyanın 2003-cü ildən Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin sədrliyi ilə daha da inkişaf edərək ümumxalq partiyasına çevrildiyi, xalqımızın inam və etimadını qazandığını, bu gün 600 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu bir partiyaya çevrildiyi vurğulanmışdır.
Bayram tədbirində çıxış edən millət vəkili, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Bahar xanım Muradova və millət vəkili Nazim Fərəcov Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanın nail olduğu bütün uğurlarda partiyanın tarixi xidmətlərindən danışmışlar.
Tədbirdə Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı rayonda yeniyetmə və gənclər arasında keçirilmiş idman yarışlarının, inşa yazı, mahnı, rəqs və bədii qiraət müsabiqələrinin qaliblərinə müxtəlif hədiyyələr, partiya sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri, uzun müddət partiya sıralarında ləyaqətlə xidmət göstərmiş üzvlərə Fəxri Fərman təqdim edilmişdir.
Tədbirin sonunda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirin rəsmi hissəsindən sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə tanınmış musiqiçilərin iştirakı ilə Taxa-körpü qəsəbəsindəki Heydər Əliyev adına parkda geniş bayram konsert təşkil edilmişdir. Konsertdə səsləndirmiş rəngarəng musiqi nömrələri bütün qəsəbə sakinlərində yüksək əhval-ruhiyyə yaratmışdır.